Bakının separatizm xofu;
Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi
Azərbaycanın Rusiyadakı Səfirliyi cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində separatçı “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlı açıqlama verib.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar Səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlayıb.
Qeyd olunur ki, Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu bildirilib, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
Bununla əlaqədar İqor Volodinə və bu tədbirin təşkilatçılarına qarşı təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu cür təxribat xarakterli addımların qarşısının alınması üçün təxirəsalınmaz tələb irəli sürülüb.
Rusiya tərəfi Azərbaycanın etirazına hələ ki, cavab verməyib.