Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb
İddia: İqtisadçı hədə-qorxu ilə pul tələb edib
Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Əvvəl Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə təqsirləndirilən keçmiş deputata bu Məcəllənin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddəsilə yeni ittiham verilib.
İddia olunur ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.
Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
Bir müddət öncə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov demişdi: “Nazim Bəydəmirlini təhdid edirlər ki, əgər Söyüdlü hadisələrinə görə həbs olunduğunu desə, özünü yenə “ekologiya məhbusu” adlandırmaqda davam eləsə, ona qarşı indiki maddədən əlavə dələduzluq, mənimsəmə və başqa yeni ittihamlar irəli sürüləcək”.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.