Britaniya nəşri Azərbaycandakı hakim ailənin sirrini açıb tökdü
The Time: Əliyevin qızları Londondakı evlərini 16 minə kirayəyə verir
Britaniya nəşri iddia edib ki, Əliyev ailəsi və onlara yaxın şəxslər Londonda 200 milyon funt sterlinq dəyərində mülkə sahibdirlər.
"The Times" qəzeti bu barədə yazır ki, barəsində elan yerləşdirilən Park-leyndəki penthausun aylıq kirayə haqqı 16 min funt sterlinqdir və reyestr bazasına daxil olan minlərlə məlumatın analizinə əsasən, bu penthaus Leyla və Arzu Əliyevaların dəyəri 21 milyon funt olan London mülklərinə aiddir.
Nəşr qeyd edib ki, mənzil Londonun ən prestijli rayonlarından birində yerləşir, pəncərəsindən məşhur Hayd-parka mənzərə açılır. Britaniyada şəffaflıq qaydaları dəyişənədək mülklərin sahibi ictimaiyyətə məlum deyildi və Əliyevalar də göndərilən sorğuya cavab verməyiblər.
"The Times" əlbəttə əlavə edib ki, mülklərin hansısa qanunsuz əməllərlə bağlı olduğunu demək mümkün deyil. Amma qəzet onu da vurğulayır ki, ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycan hökumətində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir.
"The Times" yazır ki, şəffaflıq qaydalarına əsasən, Böyük Britaniyada mülk sahibi olan xarici şirkətlər sahiblərinin kimliyini açıqlamalıdırlar.
Azərbaycan hökuməti bir müddət əvvəl bildirmişdi ki, prezidentin ailə üzvlərinin bizneslə məşğul olması qanunla qadağan deyil.
Qeyd edək ki, Britaniyanın Milli Cinayət Agentliyi son illər Azərbaycan hakimiyyəti ilə bağlı bəzi şəxslərin, o cümlədən prezidentin əmisi qızı İzzət xanım Cavadovanın milyonlarla funt sterlinq dəyərində pulunu müsadirə edib.
Britaniyanın Cinayətkarlıqla Milli Mübarizə Agentliyi 2021-ci ildə İzzət Cavadovanı və onun əri Süleyman Cavadovu paytaxtdakı həyatlarını "korrupsiya yolu ilə əldə edilmiş vəsaitlə maliyyələşdirməkdə, ölkəyə qanunsuz yolla 14 milyon funt-sterlinq yəni təqribən 33 milyon manat gətirməkdə" ittiham etmişdir.
İzzət Cavadovanın əri Süleyman Cavadovun atası vaxtilə Azərbaycanın energetika nazirinin müavini olmuş Gülməmməd Cavadovdur.