Azərbaycanda jurnalistlərin həbsi ictimaiyyətin diqqət mərkəzində durur
Ə.Oruclu: İrəli sürülən ittihamlar ictimai təhlükə doğuran əməllərlə bağlı deyil
Azərbaycan Respublikasında junalistlərin həbsi ictimaiyyətin diqqət mərkəzində durur.
Dünya ölkələri arasında bu gün həbsdə olan jurnalistlərin sayına görə 2024-cü ilin dekabrına olan məlumata əsasən Çin, sionist İsrail və Myanmar liderdir. Bundan sonrakı yerləri Belarus və Rusiya tutur.Həbslərin artımına gəlincə isə Çin, Tunis, İsrail və Azərbaycan öndədir. Şərq – Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu haqda bildirib ki, Azərbaycanın bu siyahıda layiqli yer alması heç kimə təəccüblü gəlməz. Elə son 2 ayda həbs edilən jurnalist sayına baxmaq kifayətdir.
Onun sözlərinə görə, Azərbaycanda həbs olunan jurnalistlərlə bağlı özəl bir məqam da ondan ibarətdir ki, irəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olması bir yana, həbsə atılan jurnalistlərin xeyli hissəsi gənc xanımlardır. Digər tərəfdən isə həmin jurnalistlər barəsində kütləvi şəkildə həbs qətimkan tədbirinin seçilməsi də diqqətçəkən məqamdır. Halbuki irəli sürülən ittihamlar belə ictimai təhlükə doğuran əməllərlə bağlı deyil.
Ə.Oruclu qeyd edib ki, bütün bunlar da çoxsaylı işgəncə və qətllər törətmiş, ordunu zəiflətməklə dövlətə xəyanət etmiş generalların, prokurorluq əməkdaşlarının, hakimlərin, polis rəislərinin və digərlərinin azadlıqda olduğu ölkədə baş verir.
Qeyd edək ki, hazırda 27 jurnalistlər və bloger həbsdədir, 235 dindar isə siyasi motivlər əsasında dəmir barmaqlıqlar arxasında saxlanılır.