Dek 20, 2025 12:31 Asia/Baku
  • Hökumətin bu qərarı cəmiyyətdə narazılıqla qarşılanır

Nazirlər Kabineti qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 1-dək uzadılıb.

Müşahidələr göstərir ki, pandemiyanın bütün dünyada bitməsinə baxmayaraq, Azərbaycanda karantin rejiminin uzadılması cəmiyyətdə narazılıq doğurur. Rəsmi qurumlar qərarı əsasən təhlükəsizlik və sanitariya amilləri ilə izah etsələr də, bu arqumentlər xüsusilə sərhəd zonalarında yaşayan vətəndaşları qane etmir.

Qeyd edək ki, karantin rejiminin davam etməsi sərhəd bölgələrində ikiqat problem yaradıb. Bu ərazilərdə yaşayan insanlar üçün qonşu ölkələrə, xüsusən də İrana qısa müddətli gediş-gəliş məhdudlaşdırılıb. Vətəndaşlar oradan daha ucuz ərzaq, dərman və məişət məhsulları alaraq ailə büdcələrinə ciddi qənaət edirdilər. Sərhədlərin uzun müddətdir bağlı qalması isə bu imkanı tamamilə aradan qaldırıb. Nəticədə daxili bazarda qiymətlərin yüksək olduğu bir şəraitdə insanlar alternativsiz qalır. Xüsusilə aztəminatlı ailələr üçün bu vəziyyət sosial gərginliyi daha da artırır. Yerli sakinlər bildirirlər ki, karantin rejimi sərhəd bölgələrinin real sosial-iqtisadi durumunu nəzərə almır.

Bu arada hökumətin əsas arqumenti olan təhlükəsizlik amili isə cəmiyyətdə inandırıcı qarşılanmır. Vətəndaşlar sual edirlər: əgər daxili tədbirlər, kütləvi toplantılar və digər fəaliyyətlər bərpa olunubsa, niyə sərhədlərlə bağlı eyni yanaşma tətbiq edilmir?

Ekspertlərin fikrincə, karantin rejiminin uzadılması sosial narazılığı dərinləşdirir. Cəmiyyət gözləyir ki, hökumət insanların gündəlik problemlərini, yaşayış xərclərini və real ehtiyaclarını da qərarların mərkəzinə qoysun.