Pakistan diplomatlarını Yeni Dehlidən geri çağırır
Pakistan dövləti bu ölkə diplomatlarından birinin Yeni Dehlidən qovulmasının ardınca Hindistandakı diplamatlarından dördünü geri çağırmaq istəyir.
Dawn News-un verdiyi məlumata görə, Pakistan dövləti bu ölkənin Mahmud Əxtər adlı diplomatının Hindsitan dövləti tərəfindən qovulmasının ardınca Pakistanın Yeni Dehlidəki Ali Komisiyasının üzvlərindən ibarət 4 diplomatını Hindistandan geri çağırmaq niyyətində olduğunu bildirib.
Hindistandan qovulan pakistanlı diplomat Mahmud Əxtər bildirib ki, Hindistan polisi istintaq zamanı ona bir siyahi təqdim edib və Yeni Dehlidə fəaliyyət göstərən Pakistanın Ali Komisiyasının 4 üzvünün Pakistanın təhlükəsizlik orqanlarının adamları olduğunu bildirməsini istəyib.
Hindistan dövləti Mahmud Əxtərin bu açıqlamasını mediyada yayımlayıb və buna görə də rəsmi İslamabad həmin pakistanlı diplomatların həyatına qarşı təhlükə yaranacağından nigarandır.
Pakistanlı diplomatın Yeni Dehlidən qovulmasının ardınca Pakistanın XİN-i də Hindistanın İslamabaddakı ali komisarının müavinini “arzu olunmaz şəxs” elan edərək onu ölkədən deportasiya edib.
Kəşmirdə böhranın qızışmasından sonra Pakistan ilə Hindistan arasında çaxnaşmalar artıb.