Erməni lobbi təşkilatından ABŞ Senatına çağırış-şərh
Amerika Erməniləri Milli Komitəsi ABŞ Senatının Xaric Əməliyyatlar Alt Komitəsinə müraciət edərək, Vaşinqtonun Ermənistan və Qarabağa yardımlarını genişləndirməyə çağırıb.
SaharAzeri xəbər verir, Təşkilatın dövlət məsələləri üzrə direktoru Tereza Yerimyan alt komitədə çıxış edərək, ABŞ-ın Ermənistanda koronavirusla mübarizədə mühüm rol oynaya biləcəyini deyib. Onun sözlərinə görə, Qarabağın minalardan təmizlənməsi üçün ABŞ-ın “Halo Trast” proqramının maliyyələşdirilməsi davam etdirilməlidir.
Lobbi təşkilatının nümayəndəsi, həmçinin ABŞ-ın Ermənistana yardımı 90 milyon dollara yüksəltməyini istəyib.
ABŞ hökumətinin erməni təəssübkeşliyi və Ermənistanı müxtəlif adlar altında maliyyələşdirməsi adətən Azərbaycan Respublikasında sərt tənqidlərlə üzləşir. O da diqqətdən kənarda qalmır ki, Nikol Paşiniyanın hakimiyyətə gəlməsi ilə ABŞ Ermənistanla əlaqələrini daha artıq inkişaf etdirməyə və işğalçı dövlətin Qarabağ münaqişəsində mövqeyini gücləndirməyə çalışır.
Yeri gəlmişkən bildirək ki, ötən il ABŞ Konqresi üzvlərindən ikisi Cudi Çu və Cek Spayer Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə qanunsuz səfər edərək Birləşmiş Ştatların separatçı rejimə dəstəyini onun başçılarının diqqətinə çatdırdılar.
Həmçinin ABŞ Konqresinin digər üzvü, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Pallone Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etmişdir. Pallone “ABŞ və “DQR” arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən guya gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün separatçı rejimin nümayəndələri ilə görüşdü.
Təxmini hesablamalara görə, ABŞ bu günədək Ermənistana və Qarabağ ermənilərinə müxtəlif adlar altında 2 milyard dollardan artıq yardım ayırıb ki, bu da son nəticədə işğalın davamına yönəldilib.
Azərbaycan ictimaiyyətinin nümayəndələri deyirlər ki, konqresmenlərin bu cür aqressiv hərəkətləri və separatçıları ruhlandırmağa yönəlmiş addımları ikili standart deyil, müstəqil bir dövlətə qarşı işğalçılığı açıq şəkildə dəstəkləməkdir.