Rusiyadan ABŞ-a çağırış; Təlimləri dayandırın
Rusiyanın ABŞ-dakı səfirliyi NATO-nun Ukrayna və Qara dənizdəki "Sea Breeze" adlı çoxmillətli təliminin dayandırılmasına çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın ABŞ-dakı səfirliyi bu barədə özünün Tvitter hesabında yazıb: "Sea Breeze" təliminin miqyası və aqressiv xarakteri heç bir şəkildə Qara dəniz regionunun real təhlükəsizlik hədəflərinə cavab vermir".
Rusiya səfirliyi bu miqyaslı təlimlərin arzuolunmaz qəzaların riskini artırdığını və Kiyevin militarist əhval-ruhiyyəsini genişləndirdiyini qeyd edib.
Tvitter mesajında ABŞ və NATO-dakı müttəfiqlərinin Qara dənizdə hər hansı bir təlimdən imtina etmələri vacibliyi vurğulanıb.
Məlumatda deyilir: "Moskva, bölgədə sülhün və sabitliyin qorunması üçün dənizdə etimad yaratma tədbirlərinin gücləndirilməsinə yönəlmiş dəniz əməkdaşlığı çərçivəsində çoxtərəfli səylərə çağırır".
Bundan əvvəl bir ABŞ generalı NATO-nun Qara dənizdə "Rusiyanı məğlub etməyə" çalışacağı ilə hədələmişdi.
Şimali Atlantika Alyansı NATO və onun əsas üzvü olan ABŞ 2014-cü ildən bəri Ukraynadakı inkişaflar və Krımın Rusiyaya ilhaq edilməsi səbəbindən Kiyev ilə Moskva arasında artan gərginlik fonunda Qara dənizdəki hərbi varlığını gücləndirir.
Qərbin hərbi mövcudluğu gəmilərin sayının artırılması və Qara dənizdə mütəmadi hərbi dəniz təlimlərinin keçirilməsini əhatə edir. Bu təlimlər hər il Rusiyanın ərazisini genişləndirməsinə mane olmaq üçün keçirilir.