Putin: "NATO-nun Qara dənizdəki təlimləri Rusiya üçün ciddi çağırışdır"
Rusiya prezidenti NATO-nun Qara dənizdə keçirdiyi planlaşdırılmamış təlimlərdə hərbi silahlarla strateji aviasiyadan istifadə etməsini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Vladimir Putin Moskvada "Rossiya 1" telekanalına verdiyi müsahibədə bildirib.
Vladimir Putin deyib: "ABŞ və onun NATO müttəfiqləri Qara dənizdə planlaşdırılmamış təlimlər keçirir. Üstəlik, onlar nəinki kifayət qədər güclü gəmi qrupu formalaşdırıblar, həm də bu təlimlər zamanı aviasiyadan, o cümlədən strateji olanlardan da istifadə ediblər, bu bizim üçün ciddi çağırışdır".
O bildirib ki, Müdafiə Nazirliyinin bu akvatoriyada da planlaşdırılmamış təlimlər keçirmək təklifi var. Amma mən hesab edirəm ki, bu, məqsədəuyğun deyil və orada vəziyyəti daha da gərginləşdirməyə ehtiyac yoxdur. Ona görə də Müdafiə Nazirliyi yalnız təyyarə və gəmiləri müşayiət etməklə məhdudlaşır".
Putin, həmçinin Rusiyanın Ukraynaya hücuma hazırlaşdığına dair bəzi iddiaları da rədd edib.
Bloomberg-in məlumatına görə, bundan əvvəl ABŞ Avropa İttifaqındakı müttəfiqlərinə xəbərdarlıq edib ki, Rusiya Belarus-Polşa sərhədində miqrantlar və enerji təchizatı ilə bağlı gərginliyi nəzərə alaraq, Ukraynaya potensial müdaxiləni nəzərdən keçirə bilər.