Fev 28, 2022 12:14 Asia/Baku
  • Rusiya ordusunun 5300 itki verdiyi iddia olunur

Ukrayna dövləti hücumçu rus qüvvələrinin böyük itki verdiklərini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyi Rusiya-Ukrayna münaqişəsində qarşı tərəfin 28 fevral 08:00-a olan itkilərini açıqlayıb. Bildirilir ki, rus ordusu 5300 nəfər şəxsi heyətini, 29 təyyarə, 29 helikopter, 191 tank və 816 zirehli döyüş maşınını itirib. 

Həmçinin qeyd olunur ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib, lakin bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub.

Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.

Ən son məlumata görə isə, Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Rusiya hərbi karvanı Kiyev vilayətinin Makarov rayonu yaxınlığında məhv edilib.

Ukraynanın Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski isə öz Facebook səhifəsində iddia edib ki, Rusiya ordusunun ehtiyatları bitib, Rusiyanın bu ehtiyatları çatdırmaq imkanı yoxdur. “Bayraqdar” pilotsuz uçuş aparatları, qırıcılar və hücum təyyarələri rusların yanacaq ehtiyatlarını məhv edirlər.

Teqlər