Mart 06, 2022 07:51 Asia/Baku
  • Rusiya Ukraynanın hərbi obyektlərini dağıtmaqda davam edir

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynanın 2100-dən çox hərbi obyektini məhv edib.

SəhərAzəri-nin məlumatına əsasən, general-mayor İqor Konaşenkov qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməkdə davam edir.

Təkcə martın 5-də beş radar stansiyası, iki “Buk M-1” zenit-raket kompleksi məhv edilib.

Ümumilikdə əməliyyat zamanı Ukraynanın 2119 hərbi infrastruktur obyekti vurulub. Onların arasında Ukrayna ordusunun 74 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 108 S-300, “Buk M-1” və “Osa” hava hücumundan müdafiə raket sistemləri, həmçinin 68 radar stansiyası var.

Öz növbəsində Ukrayna hökuməti müharibənin başlandığı gündən indiyədək Rusiya ordusunun azı 11 min nəfər itki verdiyini, 80-ə yaxın hərbi təyyarə və helikopterinin vurulub salındığını iddia edir.

Qeyd olunur ki, ötən gün Kiyev vilayətində Rusiya hərbi texnikasının kolonu Ukrayna Silahlı Qüvvələri tərəfindən havadan məhv edilib.

“Forbes Ukraine”in hesablamalarına görə isə, hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib.

Rusiya Federasiyasının məhv edilmiş texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını var.

Bu arada Kreml Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını hazırlamağa başlayıb və bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmanda qeyd olunur: “Rusiya hökuməti iki gün müddətində Rusiyaya və Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”.

Rəsmi Moskvanın hansısa cavab tədbirləri hazırlayacağı barədə açıqlama verilmir.

Teqlər