Amerikalı senatordan xəbərdarlıq
“Uçuşa qadağa zonasının yaradılması III Dünya Müharibəsi deməkdir”
Amerikalı senator Ukrayna üzərində uçuşa qadağa qoymağın təhlükəsi barədə xəbərdarlıq edib. Bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Senatının Respublikaçılar partiyasından olan üzvü Marko Rubio Ukrayna üzərində uçuşa qadağa qoyulmasını tələb edənlərə sərt xəbərdarlıq edib. Onun fikrincə, bu, yeni qlobal münaqişəyə səbəb ola bilər.
Senator deyib: "Məncə, insanlar uçuşa qadağan zonanın nə demək olduğunu başa düşməlidirlər. Bu, sizin qəbul etdiyiniz və hər kəsin əməl etməli olduğu bir qaydaya bənzəmir. Bu, Rusiya Federasiyasının təyyarələrini vurmağa hazırlıqdır və əslində Üçüncü Dünya Müharibəsinin başlanğıcıdır”, - deyə Floridadan olan senator bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonu ölkəsi üzərində uçuşa qadağan zona yaratmağa çağırıb. Lakin hər iki partiyadan olan amerikalı qanunvericilər bu təşəbbüsü çox təhlükəli adlandırıblar, çünki bu, dünyanın iki aparıcı nüvə dövləti olan ABŞ və Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər.
Bundan öncə Zelenski ABŞ-dan daha müasir təyyarələr müqabilində Polşa və Rumıniyaya Sovet qırıcılarını Kiyevə köçürməyə icazə verməsini istəyib. Ancaq Polşa Rusiyanın mümkün reaksiyasından ehtiyatlanaraq bu təklifə rədd cavabı veribdir.