Almaniya səfiri ədəbsiz davranışına görə Çaddan qovulub
Çad hökuməti Almaniya səfirini "kobud davranış və diplomatik qaydalara hörmətsizlik" səbəbindən ölkədən qovub.
SəhərAzəri-nin məlumatına əsasən, Çad hökumətinin sözçüsü Əziz Mahamat Saleh açıqlamasında bildirib ki, Çad hökuməti Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Yan Kristian Qordon Krikdən 48 saat ərzində Çad ərazisini tərk etməsini istəyib.
Çad hakimiyyəti Almaniya səfirinə qarşı irəli sürülən ittihamların məzmunu ilə bağlı daha ətraflı məlumat verməyib.
Almaniya Xarici İşlər Nazirliyindəki mənbə isə deyib: "Çad hökuməti səfirin ölkədən qovulması ilə bağlı bizə rəsmi məlumat verməyib. Əgər bu doğru olarsa, səfirlik səviyyəsində bizə məlumat veriləcək".
Adının çəkilməsini istəməyən Çad hökumətindəki bir mənbənin verdiyi məlumata görə, bu Afrika ölkəsinin səlahiyyətliləri diplomatı xüsusilə onu "ölkəni idarə etmək" işlərinə "həddindən artıq müdaxilə"də, eləcə də "çadlıları parçalamağa meylli bəyanatlar vermək"də günahlandırır. Mənbə Krikin bir neçə dəfə "xəbərdarlıq" aldığını da bildirib.
Yan Kristian Qordon Krik 2021-ci ilin iyulunda Çada səfir təyin edilib. O, həmçinin Almaniyanın Niger, Anqola və Filippində xüsusi nümayəndəsi vəzifəsində çalışıb.