Çin rəsmisi:
"ABŞ Tayvanı barıt çəlləyinə çevirir"
Onun sözlərinə görə, ABŞ bununla Tayvan xalqını uçuruma yuvarlayır. Bildirilib ki, ötən həftə Dövlət Departamenti Tayvana ümumi məbləği 440 000 000 dollar olan sursat və hərbi texnika satışına dair razılıq verib.
Tan Kefeyin sözlərinə görə, Çin ABŞ-ın Tayvana silah satışına qəti şəkildə qarşıdır: “ABŞ Çinin əsas narahatlıqlarına məhəl qoymur, onun daxili siyasətinə kobud şəkildə müdaxilə edir, Tayvan boğazında gərginliyi bilərəkdən artırır”.
O, ölkəsinin ABŞ-dan Tayvana silah satışını dərhal dayandırmağa və istənilən formada hərbi əməkdaşlığı həyata keçirməməyə, adanın müstəqilliyini dəstəkləməmək vədini yerinə yetirməyə çağırır. Sözçü bildirib ki, Çin Xalq Azadlıq Ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək, Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün yüksək döyüş hazırlığını saxlayır.
Qeyd edək ki, Tayvan ətrafında vəziyyət ötən il avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin adaya səfərindən sonra xeyli gərginləşib. Rəsmi Pekin adanı əyalətlərindən biri hesab edir. ABŞ-ın Tayvanda separatizmi dəstəklədiyini bəyan edən Çin, N.Pelosinin səfərini pisləyib. Ardınca da, genişmiqyaslı hərbi təlimlər keçirib.
ABŞ-ın dövlət katibi Antoni Blinken bu yaxınlarda Çinə səfəri zamanı Rəsmi Vaşinqton Tayvanın müstəqilliyini tanımadığını açıqlamışdı. Ancaq baş verənlər bunun riyakarlıqdan başqa bir şey olmadığını və ABŞ-ın Çinin daxili işlərinə qarışmaqda davam etdiyini deməyə əsas verir.