Avq 19, 2023 13:56 Asia/Baku
  • Lavrov KTMT-çilərə qırmızı xətti göstərdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT üzvlərini Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşmağa və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməməyə çağırıb.

“Rusiya əmindir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri Qərbin özünü hərbi-siyasi gərginliyi artırmaq planlarına cəlb etməyə imkan verməyəcək.” Bunu “Beynəlxalq həyat” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov əlavə edib ki, başqa dövlətlərə “həyat öyrətmək” və ya onların necə və kiminlə münasibət quracağını diktə etmək Moskvanın qaydalarına daxil deyil:

“Əminik ki, müttəfiqlərimiz son vaxtlar Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşacaq və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməyəcəklər. Bütövlükdə, əlbəttə ki, biz gözləyirik ki, KTMT-dəki müttəfiqlərimiz bu təşkilat çərçivəsində öz öhdəliklərinə zidd addımlar atmayacaqlar”,- Lavrov deyib.

Rusiyanın xarici işlər naziri KTMT üzvlərinin onu eşitməyə çağırıb: “Rusiya heç bir qonşumuza və tərəfdaşımıza heç kimlə qarşılıqlı əlaqə qurmağı qadağan etmir, lakin həmişə qanuni maraqlarımızın nəzərə alınmasını xahiş edir. Düşünürəm ki, bizi eşidirlər”,-Sergey Lavrov deyib.

Qeyd edək ki, KTMT üzvləri Rusiya, Belarus,Ermənistan, Qazaxıstan, Qırğızıstan,Tacikistandan ibarətdir.

Rusiyanın XİN başçısı konkret hansı ölkəni nəzərdə tutduğunu dilə gətirməsə də Ermənistanın qərbyönümlü siyasətini eləcə də Qazaxıstanda Nursoltan Nazarbayevdən sonrakı dövrdə Rusiyadan uzaqlaşma prossesinə start verildiyini nəzərə alaraq Lavrovun mesajının bu iki ölkəyə hədəfləndiyini demək olar.

1992-ci il tarixində əsası qoyulmuş bu hökumətlərarası hərbi ittifaqın nizamnaməsinə əsasən üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir.