Vəhdət həftəsi və əziz İslam Peyğəmbərinin (s.ə.s) mövludu mübarək olsun!
Bəzi rəvayətlərə görə, bu gün rəbiül-əvvəl ayının 12-si əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s.ə.s) mövludunun ildönümü günü və "Vəhdət həftəsi"nin birinci günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, sünni əhli rəbiül-əvvəl ayının 12-sini, şiələr isə rəbiül-əvvəlin 17-sini İslam Peyğəmbərinin (s.ə.s) mövlud günü olaraq, qəbul edirlər.
Özü İslam Dünyasında vəhdət carçılarından olmuş İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (r.ə.) bu məsələdən islami qrupların birliyi və yaxınlaşması üçün istifadə etdi və bu iki tarix arasındakı müddəti "vəhdət həftəsi" adlandırdı.
Bu həftə xüsusən fitnə və çaxnaşma ilə dolu olan indiki zamanda İslam Dünyasında həmrəyliyin və birliyin zərurətinin daha artıq diqqətlə araşdırılması üçün münasib bir fürsətdir.
Müxtəlif məzhəblərdən olan müsəlmanlar arasında bəzi dini etiqadlar və şəriət hökmləri ilə bağlı fikir ayrılıqları olsada, onlar bir olan Allaha, onun peyğəmbərinə və nazil etdiyi kitaba inam və vahid qiblə kimi bir çox ortaqlıqlara da malikdirlər.
Səhər Azəri telekanalı adından "Vəhdət Həftəsinin" başlanması və əziz İslam Peyğəmbərinin(s.ə.s) mövludu münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik.