Qərb Sahilində çaxnaşma\Fələstinlilər və sionistlər arasında qarşıdurma
-
Qərb Sahilində çaxnaşma
İsrail hərbçiləri Qərb Sahilində yerləşən Əlxəlilin şimalına hücum edərək, fələstinlilər ilə toqquşublar.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə axşamı Əlxəlilin şimalında Beyt Əmr qəsəbəsində fələstinlilərə hücum edərək, onlara tərəf gözyaşardıcı qazlar atıblar. Nəticədə bir neçə fələstinli qazdan zəhərlənib.
Sionist rejim hərbçiləri həmçinin, Beyt Əmir qəsəbəsi ilə Şəəb Əssir məntəqəsi arasındakı əlaqə yolunu kəsiblər.
İsrail hərbçiləri həmçinin, bu gün səhər Qüdsün qədim hissəsində fələstinlilərin evlərinə hücum edərək, 5 fələstinlini həbs ediblər.
Sionistlər davamlı olaraq Fələstin ərazilərində işğalçılıq siyasətini izləmək məqsədi ilə müxtəlif bəhanələrlə fələstinlilərin evlərinə basqın və fələstinliləri həbs edirlər.
2015-ci ilin oktyabrından Qüds İntifazəsinin başlanmasından bəri 300-ə yaxın fələstinli şəhid edilib.