Apr 27, 2017 19:03 Asia/Baku
  • İraqın tarixi Əlhəzər şəhəri azad edildi
    İraqın tarixi Əlhəzər şəhəri azad edildi

İraqın könüllü xalq qüvvələri Mosulun cənub-qərbində yerləşən Əlhəzər şəhərini, şəhərin azad edilməsi əməliyyatının üçüncü günündə tam olaraq terrorçuların işğalından azad ediblər.

Neynəva, Səlahəddin və Ələnbar vilayətlərinin kəsişdiyi nöqtədə yerləşən Əlhəzər şəhəri tarixi bir məkan olaraq YUNESKO tərəfindən qeydiyyata alınıb.

İRİB-nin verdiyi məlumata görə, Neynəva vilayətinin azad edilməsi əməliyyatının komandanı Əbdüləmir Rəşid Yarallah bir bəyanat yayaraq, bildirib ki, könüllü xalq qüvvələri cümə axşamı misli görünməmiş sürətlə Əlhəzər şəhərini terrorçuların işğalından azad ediblər. Bu əməliyyatda terrorçular ciddi tələfat veriblər. Könüllü xalq qüvvələri əməliyyatın sonunda, bu gün Əlhəzər şəhəri üzərində İraq bayrağını dalğalandırıblar.

İraqın könüllü xalq qüvvələri həmçinin, evlərdə quraşdırılmış partlayıcı qurğular, minalar və bombaların zərərsizləşdirilməsinə başlayıblar. Əlhəzər şəhəri 2 ildən çox idi ki, İŞİD-in işğalı altında idi.

Bu arada, İraqın könüllü xalq qüvvələrinin komandanlarından olan Əli Həmdani deyib: Əlhəzər şəhərinin azad edilməsi İŞİD terrorçularının Suriyanın Rəqqə şəhəri ilə əlaqəsini kəsmiş olub.

Tarixi Əlhəzər şəhərinin terrorçuların işğalından azad edilməsi əməliyyatı çərşənbə axşamı başlanmışdı.

İraqın ikinci ən iri şəhəri olan Mosul şəhəri 2014-cü ilin iyun ayında İŞİD terrorçuları tərəfindən işğal edilmişdi..

Teqlər