Ərdoğan: Afrin əməliyyatından geri addım atmayacağıq
-
Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Təyyib Ərdoğan Türkiyənin heç bir ölkənin ərazisinə göz tikmədiyini deyərək, Ankaranın Afrin əməliyyatından geri addım atmayacağını vurğulayıb.
“Zeytun Budağı” əməliyyatı artıq 5 gündür ki, davam edir. Bundan öncə “Fərat Qalxanı” əməliyyatında iştirak edən qüvvələr indi də Afrin şəhərinə doğru irəliləyirlər.Türkiyə ordusu Afrinə doğru irəliləyən quru qoşunlarına, terrorçuların mövqelərinə artilleriya zərbələri endirməklə dəstək verir. Bu əməliyyatda “Azad Suriya Ordusu” yaraqlıları da Türkiyə ordusunun kənarında yer alıblar.
Bu arada Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi general Hülusi Akar “Zeytun Budağı” əməliyyatı ilə bağlı açıqlamasında, əməliyyatın terrorçuların kökü kəsilənə kimi davam edəcəyini bildirib.
Türkiyə ordusu ötən 4 gündə 14 kəndin terrorçulardan azad edildiyini və sivil əhalinin bu əməliyyatdan zərər görməməsi üçün xüsusi diqqətin göstərildiyini vurğulayır.
Dünən həmçinin, Türkiyə prezidentinin başçılığı ilə Milli Təhlükəsizlik Şurasının iclası təşkil edilib. Amma, iclasda çıxarılan qərarlar barədə mediaya məlumat verilməyib.
Daha sonra Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və digər yüksək səviyyəli ölkə rəsmilərinin iştirakı ilə “Zeytun Budağı” əməliyyatında həyatını itirən ilk türk əsgəri üçün meyit namazı qılınıb.
“Zeytun Budağı” əməliyyatında indiyə kimi neçə nəfərin ölməsi ilə bağlı dəqiq məlumat olmasa da, ölü sayının yüzdən artıq olduğu bildirilir.