Sionist rejimin Qəzzəyə hücumlarında 200-ə yaxın tibb işçisi şəhid olub
Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzəyə hücumlarında 200-ə yaxın tibb işçisinin şəhid olduğunu açıqlayıb.
"Fələstin Əl-Youm" xəbər agentliyinin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Qəzzə zolağında davam edən təcavüzdə 198 tibb işçisi şəhid olub.
Məlumatda bildirilir ki, sionist rejimın hücumları nəticəsində 53 təcili yardım maşını məhv edilib, 135 səhiyyə müəssisəsi hədəfə alınıb, 21 xəstəxana və 47 ilkin tibbi yardım mərkəzi xidmətdən çıxıb.
Digər tərəfdən, Qəzzədəki Küveyt xəstəxanasının direktoru Süheyb Əl-Həms, deyib: "Nə olursa olsun, biz heç vaxt xəstəxanaları tərk etməyəcəyik və sionist düşmənin cinayətləri qarşısında təslim olmayacağıq".
O əlavə edib: İşğalçılar beynəlxalq qanunları pozdular və müharibə ilə bağlı bütün mənəvi məsələləri ayaq altına aldılar".
Öz növbəsində, Fələstin Səhiyyə Nazirliyinin Qəzzə zolağındakı baş direktoru Munir Əl-Bərş 100-dən çox şəhidin cəsədinin Əl-Şifa xəstəxanasının qarşısında yerdə qaldığını, təcili yardım maşınlarının isə davam edən bombalamalar səbəbindən bu bölgəyə doğru hərəkət edə bilmədiyini açıqlayıb.
Sərhədsiz Həkimlər Təşkilatı isə Əl-Şifa Xəstəxanasında heç bir işçisi ilə ünsiyyət qura bilmədiyini açıqlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən sionist rejimin Qəzzə zolağına qarşı təcavüz nəticəsində 11 min 92 fələstinli şəhid olub, onların arasında 4506 uşaq, 3027 qadın və 678 qoca var.
Yaralıların sayı isə 27490 nəfərə çatıb.