Hələb və İdlibdə 200 terrorçu öldürülüb
Suriyanın Hələb şəhəri çərşənbə günündən bəri bu ölkə ordusu ilə təkfirçi terrorçular arasında geniş toqquşmaların şahidi olub. Bəzi terrorçu qüvvələr şəhərin bəzi hissələrinə nüfuz iddiası ilə çıxış edirlər. Lakin Hələb şəhəri Suriyanın dövlət qüvvələrinin nəzarətində qalmaqda davam edir.
Suriya və Rusiya qırıcıları Hələbdən şimalda yerləşən Marə şəhərinin ətrafında terrorçu qrupların hərəkətləri və mövqelərini bombalayıblar. Terrorçu qrupların İdlibdən cənubda yerləşən Cəbəl-əl-Zaviyə bölgəsindəki Əlbarə və Binin ətrafındakı mövqeləri də Suriya və Rusiya qırıcılarının hücumları hədəfinə tuş gəlibdir.
Suriyanın ordu qüvvələri həmçinin terrorçu qrupların İdlibin cənub ətrafında yerləşən Əlruvəihə, Xan-əl-Səbəl və Məərrət-Dibsəh qəsəbələrindəki mövqelərini raket hədəfinə alıblar.
Rusiya müdafiə nazirliyi bildiribdir ki, terrorçu qrupların üzvlərindən iki yüz nəfər Suriya ordusu qüvvələrinin həmkarlığı ilə həyata keçirilən Rusiya hava qüvvələri qırıcılarının hücumu gedişində Hələb və İdlib əyalətlərində öldürülüb.
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı da bir bəyanatda bildiribdir ki, Suriya silahlı qüvvələri terrorçu qrupların geniş hücumu ilə mübarizəni davam etdirirlər. Onlar bu qrupların onlarla avtomobili və zirehli texnikasını məhv edib və terrorçuların yeddi PUA-sını da deviriblər.
Belə bir halda, Suriya televiziyası xəbər veribdir ki, terrorçu qruplar Hələbin şimal ətrafında yerləşən Nəbəl və Əl-Zəhra yaşayış bölgələrini mərmi hücumları hədəfinə alıblar.
Suriyanın rəsmi informasiya agentliyi də Hələb universiteti ərazisinin terrorçular tərəfindən atəşə tutulması zamanı azı dörd nəfərin həyatını itirdiyini bildirib.
Digər tərəfdən, Hələbdəki bir yerli komandir bu şəhərin ətrafındakı küçələrdə patrul keçərkən bir videoçarx yayıb və bildiribdir ki: Terrorçu qruplaşmaların qeyri-fəal özəkləri Suriyanın ordu qüvvələrinə və müqavimətə zərbə vurmaq üçün Hələb şəhərinin içərisində fəallaşıblar. Amma Suriyanın ordu qüvvələri əsla geri çəkilmir və Hələbdəki şəraiti dəyişdirirlər.
Eyni zamanda, Rusiyanın Sputnik informasiya agentliyi yazıbdır ki: Suriyanın təhlükəsizlik orqanları məxfi terrorçu qruplaşmaların üzvlərindən bir qismini digər qrupların toplusu ilə həbs ediblər.