Noy 08, 2021 11:53 Asia/Baku
  • Peskov üçtərəfli görüşü təsdiqləyir

Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

SəhərAzəri-nin məlumatına əsasən, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 7-də “İnterfaks”a bildirib. 

“İnterfaks”ın məlumatına görə, görüş gələn həftənin əvvəlində baş tutacaq.

Lakin Peskovun bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşünün vaxtı ilə bağlı yekun razılıq yoxdur.

O, Ermənistanın İctimai Televiziyasına deyib ki, hazırda noyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.

Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, qarşıdakı görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı iki sənəd imzalamalıdırlar. 

Bəzi medialarda isə görüşdən mümkün gözləntilər barədə bunlar deyilir:

1. Üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq və tərəflərin razılaşmalara sadiqliyi yenidən təsdiqlənəcək;

2. Kommunikasiyaların açılması ilə bağlı qrafik təsdiqlənəcək.

3. Sərhədlərin delimitasiya və demarkasiyasının hansı ilin xəritəsinə uyğun başlanması üçün üçtərəfli bəyanat imzalana bilər. Belə ki, kommunikasiyaların açılması qrafikini təsdiq etmək üçün sərhədin müəyyənləşməsi prosesinə də başlanılmalıdır.

Baş nazir müavinlərinin təmsil olunduğu üçtərəfli İşçi Qrupunun növbəti görüşü noyabrın 29-da keçiriləcək və görünür, Moskva prosesdə əməli mərhələnin başlanması üçün bu görüşə qədər liderlər səviyyəsində razılaşmalara nail olmaq istəyir.

Teqlər