Həşdüşşəbi İraq - Suriya sərhədlərində terrorçuları təqib edir
İraqın Bədr Təşkilatının baş katibi deyib: Könüllü xalq qüvvələri hərbi əməliyyatlarla bağlı xüsusi plan hazırladıqdan sonra tezliklə İraqın Suriya ilə sərhədlərinə çatacaqlar.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraqın Bədr Təşkilatının baş katibi Hadi Amiri cümə günü Livanın Əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: İraqın könüllü xalq qüvvələri İraq - Suriya sərhədlərində hərbi əməliyyatlar həyata keçirmək və terrorçuları təqib etmək üçün sadəcə Suriya dövləti ilə ahəngdarlıq yaradır.
Amiri həmçinin, İŞİD-in Səncarın cənubunda yerləşən Kucu kəndində törətdiyi cinayətlərə işarə edib və deyib: Bu kənddə də yüzlərlə hərbçi İŞİD terrorçuları tərəfindən edam edilib. Amma, hal hazırda təhlükəsizlik təmin edilib və kənd sakinləri artıq öz evlərinə qayıda bilərlər.
İraq ordusunun hərbi helikopterləri də Neynəva vilayətinin şimal-şərqində İŞİD-ə məxsus bomba quraşdırılmış 5 avtomobili hədəfə alıblar. Bu əməliyyatda bomba quraşdırılmış bütün avtomobillər məhv edilib.
Digər tərəfdən İraq təyyarələri Mosulda, İŞİD-in işğalı altında olan ərazilərə bildiriş kağızları ataraq, vətəndaşlardan özlərini keçid məntəqələri vasitəsi ilə təhlükəsizlik qüvvələrinə çatdırmalarını istəyiblər.
Mosulun azad edilməsi əməliyyatının komandanı Rəşid Yarallah da İŞİD-in işğalı altında olan ərazilərin sakinlərindən dərhal Mosulun qədim hissəsini tərk etmələrini istəyib.
İraqlı qüvvələr Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına 2017-ci ilin fevralında start veriblər. İraq rəsmilərinin dediklərinə görə, əməliyyatın yavaş sürətlə irəliləməsinin əsas səbəbi mülkilərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyətin verilməsi və yaşayış məntəqələri və infrastrukturlara daha az zərər və ziyanın yetirilməsinə diqqətin göstərilməsidir.