Ali-Xəlifə rejiminin cinayətləri Bəhreyn din alimlərinin reaksiyasına səbəb olub
Bəhreynli din alimləri, hüquqşünaslar və şəhid ailələri Ali-Xəlifənin Əd-Diraz şəhidlərinin cənazələrini ailələrinə təhvil vermək istəməməsini ölkə konstitusiyası, qanun və əxlaq normalarına zidd adlandırıblar.
Bəhreynin Əd-Diraz məntəqəsində şəhid edilənlərin ailələrinin tələblərinə baxmayaraq, Ali-Xəlifə rejimi cənazələrin təhvil verilməsindən imtina edərək, cənazələrin ailələrinin iştirakı olmadan dəfn ediməsi barədə göstəriş verib.
Bəhreynin Daxili İşlər Nazirliyi 5 bəhreynli şəhidin cənazəsini icbari qaydada və ailə üzvlərinin iştirakı olmadan dəfn etdiyini etiraf edib. Bu 5 bəhreynli Əd-Diraz məntəqəsində Şeyx İsa Qasımı müdafiə edənlərə qarşı törədilən qırğın zamanı şəhid edilib.
Bəhreynli şəhid qardaşlar Məhəmməd və Mustafa Həmdanın anası:
Məhəmməd və Mustafa din və əqidə şəhidləridirlər. Mənim Əmmar adlı daha bir övladım da var və əgər lazım gələrsə onu də təqdim etməyə hazıram. Özümü də fəda etməyə hazıram. Və buna görə peşman da deyiləm.
Şəhid ailələri, bəhreynli ruhanilər və hüquqşünaslar Ali-Xəlifə rejiminin bu hərəkətinin ölkə konstitusiyasına və vətəndaş hüquqlarına zidd olduğunu bildirirlər. Bundan öncə Avropa Birliyi, Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqları Gözətçisi daha öncə Əd-Diraz hadisələri barədə xəbərdarlıq edərək, yaşananların ciddi nigaranlıq doğurduğunu bildirmişdilər.
Şeyx Hüseyn Əd-Diha – Bəhreynin Milli-İslami Birlik Hərəkatının sədr müavini:
Bu gün Ali-Xəlifə rejimi Bəhreyn xalqına qarşı ən çirkin siyasi hegemonçuluğa əl atıb. Dünya isə sadəcə baş verənləri sakit izləməklə məşğuldur. Ali-Xəlifə rejimi bəhreynliləri şəhid edir, işgəncələrə məruz qoyur və onların qanuna qarşı gəldiyini iddia edir. Hətta, əxlaqi, dini və qanuni dəyərlərə də əhəmiyyət verməyərək, şəhidlərin cənazələrini ailələrinə təhvil vermək istəmir. Çünki, onlar üçün əzəmətli dəfn mərasiminin keçirilməsindən qorxur. Bu dəfn mərasimi Ali-Xəlifənin legitimliyi üçün bir referendum hesab oluna bilərdi. Bəhreyn xalqı ilə fəxr edirik. Bu insanlar Ali-Xəlifə rejiminin xalqın iradəsini sındırmasına icazə vermədilər. Tarix bu qəhrəmanlığı unutmayacaq.