Əlhəşduşşəbi İraqın Suriya və İordaniya ilə sərhədlərində yerləşib
İraqlı mənbələr İraqın xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi-nin İraqın Suriya və İordaniya ilə sərhədlərində yerləşməsindən xəbər veriblər.
İraqın Suməriyyə-Nyus xəbər agentliyinin məlumatına görə, Suriya ilə həmsərhəd olan İraqın Ələnbar vilayətindəki təhlükəsizlik mənbələri bildiriblər ki, Əlhəşduşşəbi qüvvələri özlərinin bu məntəqədəki nüfuz və əhatəliliklərini genişləndiriblər. Onlar İraqın sərhəd qvardiyasının köməyilə sərhəd məntəqələrinə nəzarəti artırıblar.
Bu məlumata görə, Əlhəşduşşəbi qüvvələri Əlvəlid və Traybil keçidlərində yerləşiblər.
Suriyanın müqavimət qüvvələri iyunun səkkizində bu ölkənin Hums vilayətinin cənubundan İraq sərhədinə çatıblar. İraqlı qüvvələr də iki gün bundan öncə özlərini Suriya sərhədlərinə çatdırıblar.
Belə bir halda, İraqın Neynəva vilayətindən gələn xəbərlərə əsasən, Qədim Mosul məntəqəsində iraqlı qüvvələrlə İŞİD üzvləri arasında gedən döyüşlər özünün kulminasiya nöqtəsinə çatıbdır.
Mosuldan daxil olan məlumatlar göstərir ki, İŞİD-in Neynəva vilayətindəki sonuncu bazası olan Qədim Mosul məntəqəsində təqribən 800 İŞİD-çi iraqlı qüvvələrlə şiddətli şəkildə toqquşubdur.
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı İraqın ordu və polis qüvvələrinin iştirakı, həmçinin xalq könüllü qüvvələri və kürd peşmərgə qüvvələrinin iştirakı ilə 2016-cı il oktyabrın 17-dən başlanıb və iraqlı qüvvələr təqribən yüz gündən sonra Mosulun şərqini tam şəkildə azad ediblər.
İraqlı qüvvələr Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına 2017-ci il fevralın 19-dan başlayıblar. Bu əməliyyat hələ də davam etməkdədir və özünün son günlərini keçirir.