Səudiyyə Ərəbistanı hərbçilərinin Yəmənə qarşı müharibədə tələfatı artıb
-
Səudiyyə Ərəbistanı hərbçilərinin Yəmənə qarşı müharibədə tələfatı artıb
Səudiyyə Ərəbistanı ilə Yəmən sərhəd zonasında Yəmən ordusu ilə toqquşmada iki səudiyyə hərbçisinin ölümündən sonra son altı ay ərzində bu müharibədə ölən səudiyyəli hərbçilərin sayı 67 nəfərə çatıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi VAS bu ölkənin Yəmənə qarşı müharibədəki tələfatı barədə son statistik məlumatda bildirib ki, Səudiyyə Ərəbistanının cənub sərhədlərində Yəmən ordusu ilə toqquşmada iki səudiyyə hərbçisi ölüb.
Digər tərəfdən Səudiyyə Ərəbistanının ABŞ tərəfindən himayə olunan hərbi təyyarələri Yəmənin Sədə vilayətində Kətaf şəhərinin Əlbəqə bazarı və Əl-Əvazi məhəlləsini bombalayıblar.
Səudiyyə Ərəbistanı Amerikanın dəstəyi ilə 2015-ci ildə Yəmənə qarşı hərbi hücuma keçdi və bu ölkəni havadan, qurudan və dənizdən mühasirəyə aldı. Səudiyyə Ərəbistanının bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdır. Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarında indiyədək 12 min yəmənli həlak olub, on minlərlə mülki yaralanıb və milyonlarla insan didərgin həyatı yaşayır.