Hüquq müdafiəçiləri 5 bəhreynlinin taleyindən nigarandırlar
Fars Korfəzi Demokratiya və İnsan Haqları Mərkəzi dünən bəyanat yayaraq Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan 5 bəhreynlinin taleyindən nigaranlıq ifadə edib.
Bəhreynli gənclər Həsən Əl-Əsfur, Əli Xəlil, Əli Fəzl, Hüseyn Əl-Şəlan və Baqir Əburəvis 2017-ci il 15 dekabrda Manamanın Əddoraz məhəlləsində saxlanılıblar və onların taleyi barədə məlumat yoxdur.
İRNA-nın verdiyi məlumata görə, Fars Korfəzi Demokratiya və İnsan Haqları Mərkəzi həbs olunanların ailələrinin hərbçilər tərəfindən işkəncə ehtimalından nigaran qalmalarına toxunaraq həbs edilənlərin taleyinin müəyyənləşdirilməsini istəyib.
Hüquq və Azadlıqları müdafiə mərkəzi də öncə bir bəyanat yayaraq bildirmişdi ki, bu gənclər qanuni dairələr tərəfindən heç bir çağırış olmadan saxlanılıblar və onların həbsi qeyri-qanunidir.
Bəhren İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə isə dekabrın 11-17-də bir həftə ərzində 44 siyasi fəal Ali-Xəlifə rejimi tərəfindən həbs edilib.
Bəhreyn 2011-ci il 14 fevraldan başlayaraq Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə azadlıq və ədalətin bərqərar olunmasını, ayrı-seçkiliklərə son qoyulmasını, xalqın səsi əsasında hakimiyyətin formalaşmasını istəyir.