Sionist hərbçilərin Qərb Sahilinə hücumunda bir şəhid və onlarla yaralı
Sionist hərbçilərin İordan çayının qərb sahilində y erləşən Selfit şəhərinə olan hücumunda bir fələstinli şəhid olub, onlarla nəfər də yaralanıb.
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, Məhəmməd Cəmil Şahin adlı fələstinli gəncin çərşənbə axşamı Selfit şəhərindəki qarşıdurmada sionist hərbçilərin atəş açması nəticəsində şəhid olması və təqribən 40 nəfərin də xəsarət almasından xəbər verib.
İsrail hərbçiləri Yasir Fuzi Şəviki adlı bir başqa fələstinli gənci də çərşənbə axşamı Əl-Xəlilin şərqində şəhid etmişdilər.
Fələstinlilər və sionist hərbçilər arasındakı gərginlik sionistlərin son günlərdə Əl-Əqsa məscidinə qarşı təcavüzlərinin artmasının ardınca daha da çoxalıb.
İsrail hərbçiləri Qüdsün qədim hissəsində təhlükəsizlik tədbirlərini gücləndirib, Əl-Əqsa məscidinin qapılarını fələstinlilərin üzünə bağlayıblar.
Yüzlərlə fələstinli əsr namazını Babül-Əsbat qapısı önündə qılaraq, daha sonra elə həmin məkanda aksiya keçiriblər. Əl-Əqsa məscidinin daxilində də bir qrup fələstinli aksiya keçirib.