Türkiyəyə gözdağı;
ABŞ yüzlərlə YPG/PKK terrorçusuna təlim keçir
ABŞ xüsusi xidmət orqanları Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində yüzlərlə YPG/PKK terrorçusuna təlim keçir.
SəhərAzəri-nin məlumatına əsasən, Terrorçulara silahla davranış qaydaları öyrədilir. ABŞ bu məqsədlə Həsəkə vilayətinə 70 nəfərlik heyət göndərib.
Təlimlərin təxminən bir ay davam edəcəyi bildirilib.
ABŞ və Fransa Həsəkə və Deyr-əz-Zur ərazilərində terrorçulara bundan əvvəl də müxtəlif təlimlər keçiblər.
Qeyd edək ki, Birləşmiş Ştatlar Suriyada Fərat çayının şərq rayonlarında yerləşən neft yataqlarının mühafizəsi üçün xüsusi bölmələr yaradıb. Bu bölmələrin nüvəsini əsasən kürdlərdən ibarət YPG yaraqlıları təşkil edir.
ABŞ-ın Qərbi Asiyadakı Mərkəzi Komandanlığı daha əvvəl bu ölkə əsgərlərinin Suriya neftini və gəlirlərini çıxarmaq üçün orada qaldıqlarını bildirmişdi. Suriya hökuməti isə ABŞ və müttəfiqlərinin hərəkətlərini bu ölkəyə qarşı işğal kimi qiymətləndirdiyini dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Buna baxmayaraq amerikalılar bu çağırışları qulaq ardına vururlar.
2019-cu ilin noyabr ayının əvvəlində Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında verdiyi vədinə baxmayaraq, hazırda ABŞ qüvvələri Suriyanın neft ehtiyatlarının 90%-nin yerləşdiyi Fərat çayının şərqindəki ərazidə qalmaqda davam edir.
Müşahidəçilərin dediyinə görə, ABŞ neft yataqlarından istismar olunan neftin satışa çıxarılması ilə Pentaqonun birbaşa nəzarətində olan ayrı-ayrı terror təşkilatlarını, həm də Türkiyə tərəfindən terror qruplaşması hesab olunan və Suriyanın mərkəzi hökumətinə tabe olmaqdan çəkinən YPG yaraqlılarını maliyyələşdirir.