Ərəfə günü xətibinə qarşı etirazlar artıb
-
Ərəfə günü
Sionist şəxsiyyətlərlə əlaqəsi olan sazişçi ruhanilərdən birinin Ərəbistanda Ərəfə gününün xətibi təyin edilməsi, sosial şəbəkələrdə bir çox ərəb ölkəsi vətəndaşlarının geniş reaksiyalarına səbəb olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanında Məscidülhəram və Məscid-ün-Nəbinin işləri üzrə baş idarə bildiribdir ki, Ərəfə gününün namazı və duası üçün baş din alimləri heyətinin üzvlərindən olan, İslam Dünyası Birliyinin baş katibi Məhəmməd bin Əbdülkərim Ali-İsanı xətib seçibdir.
Qeyd olunan etirazların dalğası o qədər geniş olubdur ki, BBC-nin ərəb bölməsi də onu əks etdirməyə məcbur olub və bu haqda yazıbdır: Şeyx Məhəmməd bin Əbdülkərim Ali-İsanın Ərəfə gününün namazı üçün xətib kimi təyin edilməsi məlum olduqdan sonra bu qərarla bağlı virtual mühitdə və sosial şəbəkələrdə etiraz dalğası formalaşıb.
Bəzi mediaların bildirdiklərinə görə, az öncə Ali-Səudun bu hərəkətinə etiraz çərçivəsində əlli mindən çox tvitt və nəzər yayılıb. Bəzi istifadəçilər bu statistikaya işarə ilə Ali-Səuddan istəyiblər ki, insanların emosiyalarını təhrik etməkdən çəkinsin.
Bəzi digər istifadəçilər də Ali-İsanın müsəlmanların ən iri beynəlxalq toplantısının imamətinə təyin edilməsini Ali-Səudun insanların emosiyalarını lağa qoyması və müsəlmanların barəsində törədilən böyük bir cinayət kimi qiymətləndiriblər.
İstifadəçilərin sözlərinə görə, sionist rejimlə saziş simvoluna çevrilən, bu rejimin ravvinlərilə görüşlərinin fotoları yayılan, Bəqi qəbiristanlığının sionistlərə həvalə olunması və onların Ərəbistandakı müqəddəs məkanlara hökmranlığı ideyasını himayə edən bir şəxs belə bir mənsəbdə qərar tapmamalıdır.
Belə bir halda, bir çoxları da həcc mərasimində iştirak edən müsəlmanlar tərəfindən Ali-İsanın imaməti ilə keçirilən namazın boykot edilməsini istəyiblər.