İrəvan yeni siyasi kursu ilə Rusiyaya meydan oxuyur
Simonyan: Ermənistan-ABŞ dialoqu strateji xarakter daşıyır
Rusiyanın xəbərdarlıqlarını qulaqardına vuran Ermənistan parlamentin sədri ölkəsinin ABŞ ilə qurduğu dialoqun strateji xarakter daşıyıdığını bildirib.
Alen Simonyan ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kuini qəbul edərkən Ermənistan-Amerika əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Parlament sədri qeyd edib ki, ABŞ Ermənistanın siyasi və iqtisadi həyatında əsas yer tutur və Ermənistan-ABŞ dialoqu strateji xarakter daşıyır.
A.Simonyan həmçinin ABŞ-ın Ermənistanda guya demokratiyanın inkişafına və möhkəmlənməsinə töhfə verən sistemli islahatlara göstərdiyi yardımın əhəmiyyətini də vurğulayıb.
Tərəflər sonra Qarabağ erməniləri arasında yaranmış humanitar fəlakətdən narahat olduqlarını bildiriblər. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana təzyiqlərin artırılmasının zəruriliyi, o cümlədən sanksiyaların mümkün tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşması üçün Qərb dövlətlərinin təşviqatı xeyli artıb və anti-Rusiya təbliğatı ölkənin medialarında geniş vüsət alıbdır.