Apr 26, 2023 18:53 Asia/Baku
  • Netanyahunun kabinetinə qarşı kütləvi aksiyalar davam edir

Təl-Əvivdə on minlərlə insan sionist rejimin baş nazirinin kabineti və onun məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirib.

SəhərAzəri-nin məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu martın 27-də televiziya müraciətində deyib: “Geniş konsensusa nail olmaq və xalqın daxilindəki ixtilafın qarşısını almaq üçün Knessetdə məhkəmə islahatları ilə bağlı qanun layihəsinə səsverməni dayandırmaq qərarına gəldim”.

O, məhkəmə sistemində islahatlarla bağlı ilə qanun layihəsinin qəbulunu  təxirə saldığını, lakin ondan heç vaxt imtina etməyəcəyini vurğulayıb.

Netanyahu kabinetinin məhkəmə islahatları layihəsində məhkəmə sisteminin səlahiyyətləri azaldılır, əksinə icraedici və qanunverici orqanların gücü və mövqeyi gücləndirilir.

Fələstinin “MƏA” xəbər agentliyinin məlumatına görə, on minlərlə israilli çərşənbə axşamı Təl-Əvivin mərkəzindəki Kaplan küçəsində Benyamin Netanyahu hökumətinə və onun məhkəmə sistemi islahatlarına qarşı nümayiş keçirib.

Sionist rejim polisi nümayişə yaxın bir neçə küçə və qovşaqları bağlayıb.

Həmçinin, işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində oxşar etiraz aksiyaları keçirilib. Netanyahu və onun kabinetinin müxalifləri bu gün də analoji nümayişlər keçirməyi planlaşdırıblar.

Etiraz aksiyaları elə bir halda keçirilir ki, Netanyahu ictimai rəyin və ABŞ-ın təzyiqləri nəticəsində bu qanun layihəsinin qəbulunu müvəqqəti olaraq, dayandırıb.

Ötən həftələrdə Təl-Əviv, Hayfa, İşğal olunmuş Qüds, Beer Səbə, Rişon Letzion və Herzliya da daxil olmaqla, işğal olunmuş Fələstinin şimalından cənubuna qədər onlarla şəhər Netanyahunun ifrat sağçı kabinetinə və sionist rejimin məhkəmə sistemində islahatlara qarşı nümayişlərə səhnə olub. 

 

Teqlər