Apr 30, 2024 13:26 Asia/Baku
  • Netanyahu Baydeni minnətçi salır- AKTUAL

Xunta rejimin baş naziri Netanyahu ABŞ prezidenti Co Baydendən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderlərinin qarşısını almasını xahiş edib.

Bu məlumata əsasən, Benyamin Netanyahu aprelin 28-də ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarının Qəzzə zolağında hərbi fəaliyyətlə bağlı araşdırması ilə bağlı narahatlığını dilə gətirib.

Bu barədə “Axios” portalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, baş nazir Amerika prezidentindən İsrail rəsmilərinin həbsinə order verilməsinin qarşısını almağı xahiş edib.

Danışıqlardan sonra rəsmi olaraq bildirilib ki, Co Bayden və Benyamin Netanyahu girovların azad edilməsinə dair razılaşmanı, Qəzzə zolağına humanitar yardımın artırılmasının zəruriliyini və anklavda atəşkəs rejimini müzakirə ediblər.

Bu arada Bloomberg Agentliyinin mənbələrinə görə, ABŞ İsrail rəsmiləri üçün potensial həbs orderinin HƏMAS ilə razılaşmanı təhlükə altına salacağından narahatdır və bunun bir hissəsi olaraq yeni təklifin müzakirəsi planlaşdırılır. Agentliyin mənbələri qeyd edirlər ki, BCM Netanyahuya qarşı ittiham irəli sürərsə, İsrail atəşkəsdən imtina edə bilər.

Mənbələr əlavə edib ki, BCM İsrailin yüksək rütbəli rəsmiləri üçün həbs orderi verməyi nəzərdən keçirir. The New York Times yazıb ki, İsrail və digər Qərb rəsmilərinin fikrincə, Benyamin Netanyahuya qarşı order verilə bilər. Bununla belə Ağ Ev bəyan edib ki, Qəzzə zolağında baş verən hadisələrlə bağlı təhqiqat BCM-nin yurisdiksiyasına aid deyil.

Xatırladaq ki, BCM 2021-ci ildən Qəzzə zolağı və Qərb Sahilində mümkün müharibə cinayətlərini araşdırır, istintaq Qəzzədə döyüşlərin gedişini və dinc əhalinin ölümlərini də əhatə edib.

Reuters Agentliyinin məlumatına görə, istintaq çərçivəsində BCM prokurorları Qəzzə zolağındakı ən böyük xəstəxanalar olan “Əl-Şifa” və “Nasir”in əməkdaşlarını dindiriblər.