Ermənistan Fələstini tanıdı; HƏMAS və İsrail rejimindən reaksiya gəldi
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Ermənistan Respublikasının müstəqil Fələstin dövlətinin tanınması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Hərakat bəyanat yayaraq Ermənistan Respublikasının Fələstin dövlətinin tanınması istiqamətindəki hərəkətini alqışladığını bildirib.
“Biz bu qərarı Fələstin xalqının hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının bərqərarı və onların sahib olduğu ərzailərin sionistlər tərəfindən işğalına son qoyulması və tam suverenliyə malik paytaxtı Qüds olmaqla müstəqil ölkə yaratmaq istəklərini həyata keçirmək yolunda mühüm addım hesab edirik”-bəyanatda qeyd edilib.
HƏMAS verdiyi bu bəyanatda bir daha dünya ölkələrindən Fələstin xalqının işğalçı İsrail rejiminə qarşı mübarizəsini dəstəkləmək və xalqa qarşı törədilən soyqırım və etnik təmizləməni hələ də davam etdirən bu cinayətkar rejimi təcrid etmək üçün oxşar tədbirlər görmələrini istəyib.
İşğalçı İsrail rejiminin Xarici İşlər Nazirliyi də rəsmi İrəvanın verdiyi bu qərardan bir neçə saat sonra Ermənistanın Təl-Əvivdəki səfirini çağırıb. Bu haqda rejim nazirliyi məlumat yayaraq bildirib ki, “Biz bu ölkənin Təl-Əvivdəki səfirini çağırdıq ki, ona sərt töhmət elan edilsin”.
Qeyd edək ki, bu barədə ötən gün Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq vurğulayıb ki, rəsmi Yerevan beynəlxalq qanunlara, xalqların bərabərliyinə, suverenliyə və dinc yanaşı yaşam tərzinə sadiqliyini təsdiq etməklə Fələstin dövlətini tanıyır.