Ərdoğan Merkellə videokonfransda Şərqi Aralıq dənizindən danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açılamada bildirilib.
Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər və bunun ardınca Prezident Administrasiyası acıqlama yayıb.
Açıqlamada bildirilib ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar Türkiyə özünün və Şimali Kipr türklərinin mənafeyini sonadək qoruyacaq, eləcə də Türkiyə dənizkənarı ölkələrin hüquqlarının tapdalanmamasına tərəfdardır. Yunanıstan və Cənubi Kipr Respublikası bu prinsipləri pozur, bəzi ölkələr isə onların bu haqsız mövqeyini müdafiə edir. Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliyə dəstək verən ölkələrin regional sülhə ciddi zərər verdiyi də vurğulanıb.
Həmçinin açıqlamada Angela Merkelin bu problemin həllinə göstərdiyi cəhdlərin də təqdirəlayiq qarşılandığı qeyd edilib.
Qeyd olunub ki, videokonfransda Türkiyə tərəfdən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın iştirak ediblər.