"Pəncə-Qaplan" əməliyyatı başa çatdı
Türkiyə: İraqın şimalında 320 PKK-çı məhv edilib
Türkiyə ordusunun İraqın şimalında PKK əleyhinə həyata keçirdiyi "Pəncə-Qaplan" əməliyyatında 320 terrorçu zərərsizləşdirilib.
Səhər Azəri bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama verib.
Türkiyənin Müdafiə Nazirliyi 16 iyunda başlayan "Pəncə-Qaplan" əməliyyatının uğurla başa çatdığını elan edərək, bu əməliyyat çərçivəsində İraqın şimalında 320 PKK terrorçusunun məhv edildiyini bildirib.
Bu məlumata əsasən hava qüvvələrinin dəstəyi ilə quru qoşunlarının İraqın şimalında baş tutan əməliyyatın yekun mərhələsində terrorçuların təqib-axtarış əməliyyatı həyata keçirilib.
PKK terrorçularına məxsus bütün sığınacaq və mağaralarda axtarışlar aparan Türkiyə komandoları təqib əməliyyatını uğurla başa vurublar. Bu əməliyyat çərçivəsində 269 sığınacaq və 53 mağarada axtarışlar aparılıb.
Türkiyə daha öncə də İraqın şimalında PKK terrorçularına qarşı "Qartal Pəncəsi" adlı əməliyyat həyata keçirmişdi.