Ərdoğan Qərbi sərt tənqid etdi:
Rusiyaya hücum etdikdə o da əlindəki imkanlarından faydalanacaqdı
Türkiyə Prezidenti bildirib ki, Qərb ölkələri təxribata əsaslanan siyasət yürütdüyü müddətcə heç bir nəticə əldə edə bilməz.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərb ölkələrini tənqid edib. Bu barədə o Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
Türkiyə prezidenti deyib: “Deyə bilərəm ki, hazırda Qərbin tutduğu mövqeyi doğru hesab etmirəm. Təxribata əsaslanan siyasət olduğu müddətcə heç bir nəticə əldə edə bilməzsiniz. Bu müharibənin qalibi varmı? Deyə bilərik ki, bu müharibənin qalib tərəfi yoxdur, ancaq məğlub olan çoxdur”.
Ərdoğan bildirib ki, Ukraynadakı hərbi əməliyyatların maliyyə tərəflərinə diqqət etmək lazımdır:
"Maliyyə tərəfinə nəzər saldıqda görürük ki, biri deyir Ukraynaya bu qədər pul verdim, digəri deyir bu qədər. Bəs bu pul haradadır? Deyirlər, Ukraynaya silah göndərilir. Nə qədər vaxtı keçmiş silahlar varsa, onları göndərirlər. Rusiyanı ciddiyə almayanlara deyirəm ki, yanlış edirsiniz. Rusiya ciddiyə alınmayacaq ölkə deyil. Rusiya təbii qazı kəsdi, qiymətlər qalxdı. İndi hamı qışdan necə çıxacağını düşünür. Niyə əvvəlcədən bu haqda düşünmədiniz? Səhmlərdən necə danışılacaq. Rusiyaya hücum etdikdə bu ölkə də əlindəki imkanlardan istifadə edəcəkdi və bu gözlənilən idi. Ümid edirik ki, bir nəticəyə gəlib bu işi tez bir zamanda bitirəcəyik".