KİV: Qaşıqçını öldürdüyünə görə, krallığa namizəd olan səud vəliəhdini dəyişmək istəyirlər
Noy 21, 2018 00:13 Asia/Baku
İnformasiya mənbələrinin bildirdiklərinə görə, Ərəbistanda krallıq ailəsinin üzvləri kralın kiçik qardaşını vəliəhd kimi görmək istəyirlər.
Rusiyanın "Arqumenti i faktı" saytının Röyters-ə istinadlı məlumatına görə, Səudiyyə Ərəbistanının kral ailəsinin üzvləri bu rejimi tənqid edən jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi qalmaqalına görə, krallığa namizəd olan səud vəliəhdini dəyişmək istəyirlər. Məlumatda qeyd olunur ki, onlarla şahzadə və kral ailəsinin digər üzvləri Muhəmməd bin Salman Ali-Səudu taxtda görmək istəmirlər. Belə bir halda, onlar Səudiyyə Ərəbistanının 82 yaşlı kralı- Salman bin Əbduləziz Ali-Səudun həyatda olduğu müddətdə bu istiqamətdə hərəkətə keçmək fikrində deyillər. Kralın yaxınları belə hesab edirlər ki, onun öz əziz oğluna qarşı çıxacağı mümkünsüz görünür. Məlumata əsasən, kralın ölümündən sonra ailənin üzvləri kralın kiçik qardaşı 76 yaşlı Əhməd ibn Əbduləziz ibn Səudu taxtda görmək istəyirlər. Onun namizədliyini Qərb qüdrətləri də himayə edirlər-deyə, mənbələr qeyd edirlər. Bu mənbələr əlavə edirlər ki, təqribən iki həftə bundan öncə yüksək vəzifəli amerikalı rəsmilər onun ünvanına öz dəstəklərini elan edirdilər. Vaşinqton Post qəzetinin bundan öncə bildirdiyi kimi, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ bu nəticəyə gəlibdir ki, Səudiyyə Ərəbistanında taxt-taca namizəd olan vəliəhd Muhəmməd bin Salman Ali-Səud-un səudiyyəli jurnalist Camal Qaşıqçının qətli barədə göstəriş verməsi imkanı var. Xatırladaq ki, bu jurnalist Vaşinqton Post qəzetində işləyir və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın ikisində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına girdikdən sonra yoxa çıxdı. Sonradan belə bir məlumat yayıldı ki, jurnalisti diplomatik tapşırıqlarını yerinə yetirən baş konsulluğun işçiləri ilə mübahisə edərkən öldürüblər. Daha sonra Ərriyad Qaşıqçının qəsdən öldürüldüyünü etiraf etdi. Qətl işi ilə bağlı 21 nəfər saxlanılıb. Səudiyyə Ərəbistanı prokurorluğu cinayətdə birbaşa iştirak etmiş beş nəfər üçün ölüm cəzası tələb edib və iddia edibdir ki, yerdə qalanlar şəriət qanununa əsasən cəzalandırılacaqlar.