İran İdlib barədə Türkiyə-Suriya ixtilaflarının həllinə kömək etməyə hazır olduğunu bildirib
-
İran İdlib barədə Türkiyə-Suriya ixtilaflarının həllinə kömək etməyə hazır olduğunu bildirib
İran Astana prosesinin zaminlərindən biri kimi İdlib vilayətindəki vəziyyətlə bağlı hazırkı Suriya-Türkiyə ixtilaflarının həllinə kömək etməyə hazırdır. Bu sözləri İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi cümə axşamı günü gecə bildirib.
İRNA-nın verdiyi məlumata görə, Məcid Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasının Suriyanın şimalında yerləşən İdlib vilayəti barədə keçirilən iclasında bu vilayətin şəraitini ağır adlandırıb və böhranın nəzarətdən çıxmamalı olduğunu vurğulayıb.
Təxte Rəvançi həmçinin İdlib vilayətində terrorçularla mübarizənin davam etdirilməsini vurğulayıb və bu hərəkətin mülki şəxslərin həyatlarının maksimum mühafizəsilə həyata keçirilməli olduğunu bildirib.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Astana prosesinin yaxın vaxtlarda Tehranda keçiriləcək zirvə toplantısını Suriyadakı vəziyyətin hərtərəfli şəkildə araşdırılması üçün münasib fürsət hesab edib. O, bildirib ki, terrorçuların İdlibdəki mövqelərini möhkəmləndirmələrinə, bu vilayəti özləri üçün əmin-aman sığınacağa çevirmələrinə, daha çox mülki insanı öldürmələri və çoxlarını girov saxlamalarına yol verilməməlidir.
Təxte Rəvançi beynəlxalq ictimaiyyətin mülki şəxsləri qorumağın terrorçu qorumaqla əvəz edilməməsi üçün tamamilə sayıq olmalı olduğunu vurğulayıb.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi İdlibdəki mövcud vəziyyətin yalnız siyasi yollarla həll ediləcəyini, həmçinin Suriyanın suverenliyinə, ərazi bütövlüyünə, birliyinə və siyasi müstəqilliyinə tam hörmətin vacib olduğunu vurğulayıb.
Terrorçuların Suriyada sonuncu bazası olan bu ölkənin İdlib vilayətindəki vəziyyət, Türkiyə qüvvələrinin həmin vilayətdəki qanunsuz iştirakına görə, gərginləşibdir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da bu iclasda Suriya hökumətinin İdlib vilayətində terrorçularla mübarizə aparmaq haqqına malik olduğunu bildirib.