Əliyev ilə Paşinyanın məzələnməsi diqqət çəkib
Dünən Ankarada yenidən prezident seçilən Rəcəb Təyyib Ərdoğanın andiçmə mərasiminin kənarında İlham Əliyev ilə Nikol Paşinyanın zarafatlaşmasını əks etdirən fotolar diqqət çəkib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Ankarada qısa görüş keçiriblər.
"TRT" telekanalı xəbər verir ki, Azərbaycan və Ermənistan başçıları ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.
Həmin ayaqüstü görüşdən yayılan fotolar göstərir ki, Nikol Paşinyan Əliyevi güldürür və onu dinləməkdə olan Mehriban Əliyeva və Binəli Yıldırımın da mimikaları diqqət çəkir.
Həmin görüşlə bağlı yayılan növbəti şəkildə də Əliyev və Paşinyan eyni nöqtəyə baxırlar. Bu şəkildə Əliyev gülür Paşinyanın simasında isə tam razılıq hissi əks olunur.
Azərbaycan Respublikası prezidenti və Ermənistan baş nazirinin ikitərəfli və bir neçə tərəfli görüşlərində onların arasında bir növ çəkingənlik müşahidə olunurdu. İndi ilk dəfə olaraq Ankaradakı ayaqüstü görüşdə son dərəcə səmimilik xüsusi diqqət çəkib.
Paşinyan və Ermənistana qarşı sərt çıxışları ilə diqqət çəkən İlham Əliyevin Paşinyan ilə belə səmimi və mehriban münasibəti nəyin göstəricisi ola bilər deyə sosial şəbəkə istifadəçiləri bu mövzunu müzakirə edirlər.