General-mayor Əştəri: İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı deyib ki, İran İraqın təhlükəsizliyi və inkişafını öz təhlükəsizliyi və inkişafı hesab edir.
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı general-mayor Hüseyn Əştəri dünən Tehranda İraqın daxili işlər naziri Qasim Ələrəci ilə görüşdə İraqın xalqı və ordusunun terror qrupları qarşısındakı müqavimətini yüksək qiymətləndirərək, əlavə edib: İran polisi öz təcrübələrini İraq polisinin ixtiyarına qoymağa və İraq polisinin terrorçular qarşısındakı təcrübələrindən istifadə etməyə hazırdır.
General-mayor Əştəri deyib: İranın hüquq-mühafizə qüvvələri müxtəlif sahələrdə İraq polisinə hər cür təlim keçməyə, həmçinin mütəşəkkil cinayətlərlə mübarizəyə, eləcə də təcrübə və informasiya mübadiləsinə hazırdır.
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı İran və İraqın müştərək düşmən və hədəfə malik olduqlarını bildirərək, deyib: İki ölkə öz istiqlaliyyətini qoruyaraq, əcnəbiləri öz torpaqlarından uzaqlaşdırmağa və İŞİD qalıqlarını məhv etməyə çalışmalıdır.
General-mayor Əştəri İran xalqının İraqdakı dini müqəddəslərə, İraq xalqının da İranda şiələrin səkkizinci imamı İmam Rza(ə)-ə olan marağını iki ölkənin ortaqlığı adlandırıb və belə qeyd edibdir: İran və İraq İmam Hüseyn(ə) Ərbəinində qayda-qanunların qorunmasına riayət məqsədilə milyonlarla iranlı zəvvarın İraqdakı dini müqəddəslərin ziyarətgahlarına doğru piyada hərəkəti barədə xas ahəngdarlıq yaratmalıdırlar.
Bu istiqamətdə dünən Tehranda İran və İraqın daxili işlər nazirləri Əbdürreza Rəhmani Fəzli və Qasim Ələrəci arasında İmam Hüseyn(ə) Ərbəini mərasiminin keçirilməsi barədə əməkdaşlıq memorandumu imzalanıbdır.