Ruhani: İranın üçüncü addımı cümə günündən atılacaq
İran İslam Respublikasının prezidenti İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımının cümə günü, sentyabrın 6-dan atılması barədə göstəriş verib.
Həsən Ruhani dünən gecə İranın üçlü hakimiyyəti başçılarının iclasının sonunda deyib: İran nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımını cümə günündən atacaq və onun çərçivəsində Atom Enerjisi Təşkilatı nüvə texnologiyasının genişləndirilməsi və tədqiqat sahəsində ehtiyac duyulan işi görməlidir.
İran prezidenti söyləyib: İranın Atom Enerjisi Təşkilatı tədqiqat və inkişaf sahəsində nüvə anlaşması üzrə bütün öhdəliklərini kənara qoysun və yeni sentrifuqalar sahəsində inkişaf və zənginləşdirməyə lazım olan hər bir işi sürətlə həyata keçirsin.
İran prezidenti deyib: Nüvə anlaşmasında tədqiqat və inkişaf üzrə bütün zaman cədvəlləri cümə günündən etibarən tam şəkildə götürüləcək və İran nüvə texnologiyası sahəsində irəliləyiş və texniki cəhətdən ehtiyac duyduğu hər bir işi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti ilə və sülhsevər hərəkət çərçivəsində həyata keçirəcək.
Ruhani deyib: İranın addımları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydaları çərçivəsində atılacaq. Avropalıların qarşısında digər bir 60 gün durur və onların öz öhdəliklərinə geri döndükləri zaman İran da öz nüvə öhdəliklərinə qayıdacaqdır.
Ruhani nüvə müzakirələri məsələsinə də işarə edib. O, deyib: Amerikalılar 16 ay bundan öncədən üç hədəfi izləyirdilər. Onların mühüm və ilkin hədəfi, quruluşun dəyişdirilməsi idi və sonrakı hədəf bu idi ki, əgər birinci hədəfə çata bilməsələr, İran İslam Respublikası quruluşunu zəiflətsinlər.
İran İslam Respublikasının prezidenti söyləyib: Amerikalıların üçüncü hədəfi də bu idi ki, müzakirəni öz istədikləri tərzdə İrana qəbul etdirsinlər və bu müzakirə İrana qarşı kəskin sanksiya ilə birlikdə olsun ki, beləliklə onların bəhsetmə qüdrəti artmış olsun.