Avropa Troykası İranın uranı 20 faiz zənginləşdirməsinə münasibət bildirib
İngiltərə, Fransa və Almaniya bir bəyanatda İranın uranın 20 faizlik zənginləşdirilməsini bərpa etməsindən nigarançılıq ifadə ediblər.
SəhərAzəri xəbər verir, Avropa üçlüyü bir bəyanatda nüvə anlaşması tərəflərinin öz əhdlərinə əməl etməmələrinə, ABŞ-ın birtərəfli şəkildə bu anlaşmadan çıxmasına və İranın həmin anlaşmanın maddələrindən yararlanmamasına toxunmadan İranın 20 faizlik uran zənginləşdirilməsini bərpa etməsindən nigarançılıq ifadə edib və onu İranın nüvə anlaşmasındakı öhdəliklərinin pozulması adlandırıbdır!
Bəyanatda iddia olunur ki, İran tərəfindən uranın iyirmi faiz zənginləşdirilməsinə heç bir haqq qazandırmaq olmaz və İran Amerika hökuməti ilə diplomatiyaya qayıdış kimi mühüm bir fürsəti təhlükəyə salıbdır.
İngiltərə, Fransa və Almaniya bu bəyanatda İrandan 20 faizlik uran zənginləşdirilməsini təxirə salmadan dayandırması və öz zənginləşdirmə proqramını nüvə anlaşmasında razılaşdırılmış səviyyəyə qaytarmasını istəyiblər.
İran dövlətinin sözçüsü bazar ertəsi günü Tehrandan cənubda yerləşən Fordo saytında 20 faizlik uran istehsalı prosesinin başlandığını elan etdi.
Əli Rəbii İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin sanksiyaların aradan qaldırılması üzrə strateji fəaliyyət qanununun icrası istiqamətindəki sərəncamına istinadən bildirdi ki, Fordo saytına qaz vurulması üzrə önproses başlayıb və ilk zənginləşdirilmiş uran məhsulu- UF6 əldə olunacaq.
Sanksiyaların aradan qaldırılması üzrə strateji fəaliyyət qanunu doqquz maddədən ibarətdir.
İran İslam Respublikası dövlətinin 20 faizlik zənginləşdirmə üzrə icbariliyi, aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarının artırılması və İranın Atom Enerjisi Təşkilatının yeni nəsildən olan IR2M və IR6 sentrifuqalarından yararlanması bu qanunun hallarındandır.