İran “Bərəkət” peyvəndinin istehsalını artırır
İran İslam Respublikasında yerli vaksin olan Bərəkətin istehsalı artırılır.
SəhərAzəri-nin məlumatına əsasən, İmam Xomeyninin Fərmanlarının İcrası Təşkilatının rəhbəri Seyid Mustafa Haşimi mətbuata verdiyi açıqlamada nəzərə çatdırıb ki, “Bərəkət” peyvəndinin istehsalı artırılaraq ayda 8 milyon dozaya çatdırılacaq. “Bərəkət” peyvəndi təşkilata məxsus “Şəfa Farmd” fabrikində istehsal edilir. Bu günə kimi İranda 38 milyona yaxın insana peyvənd vurulub və proses davam edir.
Başqa məlumata görə isə, İran-Çin Birgə Ticarət Palatasının həmsədri Məcid Rza Həriri də deyib ki, İranın Çin ilə əldə etdiyi razılaşmaya əsasən bu ölkə 90 milyon doza peyvənd almalıdır. Bu günə kimi İrana 40 milyon doza gətirilib. Qalan 50 milyon doza tədricən çatdırılacaq.
O qeyd edib ki, təyyarə ilə 5 milyon dozadan artıq peyvənd gətirmək olmur. Çünki peyvəndin nəql olunmasında xüsusi yanaşma tələb olunur. Hər həftə Çindən İrana 5 milyon doza peyvənd gətiriləcək.