Yan 29, 2023 14:22 Asia/Baku
  • Qərbi Azərbaycanda 5,9 bal gücündə zəlzələ baş verib; 3 nəfər ölüb, 816 nəfər yaralanıb

İranın şimal-qərbindəki Qərbi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələ baş verib, nəticədə azı 3 nəfər ölüb, 816 nəfər isə yaralanıb.

zəlzələ şənbə günü axşam yerli vaxtla saat 21:44-də, Xoy şəhəri və ətrafında yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ o qədər güclü olub ki, Qərbi Azərbaycan əyalətinin bir çox şəhər və rayonlarında, o cümlədən əyalətin mərkəzi Urmiyə şəhərində hiss edilib və sakinlərin narahatlığına səbəb olub. Eləcə də bir sıra şəhərlərdə, o cümlədən qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə də hiss olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Türkiyə, İraq, Ermənistan və Azərbaycan Respublikasında da hiss olunub.

Zəlzələnin baş verdiyi bəzi ərazilərdə hazırda şaxtalı temperatur və qar müşahidə olunur.

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Sadiq Mötəmədian bazar günü səhər Xoy şəhərinin zəlzələdən zərər çəkmiş bölgələrinə səfəri zamanı bildirib ki, ilkin məlumatlara görə, azı 3 nəfər həlak olub, 816 nəfər isə yaralanıb. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıb.

Mötəmədianın sözlərinə görə, zəlzələ 70 kənddə yaşayış məntəqələrinə 20-50 faiz ziyan vurub.

Qərbi Azərbaycan valisi bildirib ki, zəlzələdən sonra 30 kənddə elektrik enerjisi sistemlərinin bərpası prosesi başlayıb və zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatları davam edir. Xilasetmə qrupları şənbə günündən etibarən Xoy şəhərinə göndərilib.

Teqlər