Ermənistan marşrutu arxa plana keçir
Seyid Abbas Musəvi: Zəngəzur dəhlizi kimi versiyalar baş tutmayacaq
İran İslam Respublikasının Azərbaycandakı səfiri “Araz Dəhlizi” adlı xüsusi tədbirdəki çıxışında Zəngəzur dəhlizi kimi versiyalar baş tutmayacağını bildirib.
Seyid Abbas Musəvi deyib: “İran hökuməti ikitərəfli münasibətlərin hərtərəfli inkişafını və Araz Yolu Dəhlizi Sazişinin həyata keçirilməsini istəyir”.
O, əlavə edib: “Bu gün biz yeni Qafqazla üz-üzəyik və Cənubi Qafqazın dünyanın tranzit və ticarət nəfəsgahına çevirildiyi bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq”.
Hazırda şahidi olduğumuz regional və beynəlxalq proseslərlə hər kəs etiraf edir ki, Zəngəzur dəhlizi kimi versiyalar artıq həyata keçirilə bilməz” deyən İran səfiri Araz Yolu Dəhlizinin İran rəhbərliyi tərəfindən vurğulandığını bildirib.
Diplomat vurğulayıb ki, son görüşlərdə iki ölkənin dövlət başçıları Araz Yolu Dəhlizinin yaradılması haqqında sazişin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan Prezidenti Ağbənd-Kəlalə körpüsü layihəsinin həyata keçirilməsi məqsədilə 8 milyon dollar vəsaitin ayrılması haqqında sərəncam verib və Azərbaycanın 500 milyon dollarlıq vəsaiti hesabına gələcəkdə dəmir yolu bağlantısı da həyata keçiriləcək.
Seyid Abbas Musəvi sonda bunları deyib: “Bu gün bir məsələyə diqqət yetirməliyik ki, İran və Azərbaycan arasında ixtilaf və ayrılıq salmağa yönələn istənilən səs dost səsi deyil, xeyirxah məqsəd daşımır. Biz hazırda İran-Azərbaycan münasibətlərində yeni səhifənin şahidi oluruq. Bu kontekstdə yaradılan imkanlardan Azərbaycan dövləti və xalqı ilə əməkdaşlığı maksimum dərəcədə artırmaq üçün istifadə etməliyik”