May 12, 2025 14:18 Asia/Baku
  • Silsilə danışıqlardan İranın gözləntisi nədir? - TƏHLİL

İran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqai bildirib ki, ABŞ və İran arasında dolayı danışıqların dördüncü turu çətin, ancaq tərəflərin bir-birinin mövqeyini daha yaxşı başa düşməsi və fikir ayrıqlarını aradan qaldırmaq üçün düşünülmüş və real yollar tapması baxımından faydalı olub.

İran İslam Respublikası və ABŞ arasında dolayı danışıqların dördüncü raundu mayın 11-də Omanın vasitəçiliyi ilə Maskatda keçirildi və əvvəlki raundlarda olduğu kimi, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof nümayəndə heyətlərinə başçılıq etdilər.

Bu məlumata əsasən, danışıqların gündəliyindəki mövzulara uyğun olaraq İran İslam Respublikası nümayəndə heyətinin tərkibinə hüquq, nüvə və iqtisadi sahələrdə texniki ekspertlər daxil idi.

İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu əslində mayın 3-də keçirilməli idi, lakin danışıqlar aparan tərəflərin və vasitəçi qismində Oman Sultanlığının bildirdiyinə görə, texniki səbəblərə görə danışıqların növbəti raundu təxirə salındı.

Rəsmi Tehran bu qənaətddir ki, İranın qanuni hüquqlarına hörmət edilməsi hər iki tərəf üçün uduş-uduş razılaşmasının əldə olunmasında zəruri şərt hesab olunur və ölkənin qırmızı xətləri xarici işlər naziri Seyid Abbas Əraqçi tərəfindən dəfələrlə bəyan edilib. Bunun müqabilində Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları ləğv etmək istiqamətində özündən hələ ki, ciddi iradə nümayiş etdirməyib və Amerika rəsmilərinin son zamanlar ziddiyyətli bəyanatları onların razılığa gəlmək istəyinə ciddi şübhələr yaradır.

Qeyd edək ki, İran NPT çərçivəsində nüvə enerjisindən dinc məqsədlər üçün qanuni hüquqlarını təmin etməkdə və sanksiyaların ləğvinə nail olmaqda qərarlıdır, eyni zamanda, nüvə proqramının “sülh xarakterli” olduğunu da sübuta yetirmək istiqamətində diplomatik səylərini davam etdirməyə tam hazırdır.

Qəribədir ki, Tehranın belə bir konstruktiv mövqe sərgilədiyi halda, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof NPT üzvü olan ölkələrin sülhməramlı nüvə proqramına sahib olmaq hüququna toxunmadan vurğulayıb: “Əgər biz İranı zənginləşdirmə proqramından imtina etməyə inandırsaq, bu ölkənin heç vaxt nüvə silahı əldə etməyəcəyindən əmin olacağıq”.

O, hədələyici tonda əlavə edib: “Bu, İranın nüvə proqramı ilə bağlı ən yaxşı həll yoludur, əks təqdirdə alternativ variant heç də yaxşı olmayacaq”.

Bu cür bəyanatlar şübhəsiz ki, Vaşinqtonun xarici siyasətində neokonlar və Netanyahunun hələ də nüfuz sahibi olmalarının ehtimalını gücləndirir.

Təəssüfləndirici haldır ki, İran və ABŞ arasında dolayı danışıqlarla eyni vaxtda Vaşinqton bir neçə dəfə İrana qarşı yeni sanksiyalar tətbiq edib. Aydın məsələdir ki, danışıqlarla eyni vaxtda yeni sanksiyaların tətbiqi ABŞ hökumətinin maksimum təzyiq siyasəti formasında İran İslam Respublikasına qarşı düşmən münasibətinin davam etdiyini göstərən bariz sənəddir.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu xüsusda bəyan edib ki, sanksiyaların sonunu təmin edən və İranın nüvə proqramının əbədi olaraq dinc xarakter daşıyacağına əminlik yaradan, eyni zamanda İranın hüquqlarına tam riayət olunmasını təmin edən razılaşma bizə lazımdır.

Əraqçinin bu bəyanatı hər şeydən çox İranın təzyiqlər qarşısında öz milli maraqlarını qorumaq əzmini ifadə edir. İran İslam Respublikası təbii ki, təzyiqlərə boyun əyəcək və nüvə hüquqlarının təmin olunmasına çalışacaqdır.