Fitrə zəkatı kimlərə aiddir?
https://azeri.sahartv.ir/radio/münasibətlər-i224224-fitrə_zəkatı_kimlərə_aiddir
Fitrə zəkatı kimlərə aiddir?
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2016 13:25 Asia/Baku
  • fitrə zəkatı kimlərə aiddi
    fitrə zəkatı kimlərə aiddi

Fitrə zəkatı kimlərə aiddir?

Sual olunur ki, borclu insan fitrə zəkatını verməlidirmi?

 

Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. İnsan edə bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı - insanın fəqir olmasıdır. yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur.

 

Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir.

 

Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər.

 

Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər.

 

Fitrə zəkatını möminə vermək müstəhəbdir.

 

Fitrə zəkatını alkohollu içki içənə və aşkar günah edənə vermək olmaz.

 

Fitrə zəkatını verən şəxs, özünün və onun çörəkyeyənləri sayılan insanların, o cümlədən hətta həmin axşam (bayram axşamı) onun razılığı ilə məğribdən (məğrib - şam azanından 15-20 dəqiqə əvvəl olan vaxta, gün batan zamana deyilir) əvvəl onun evinə qonaq gələn şəxslərin də fitrəsini ödəməlidir.

 

Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

 

Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz (belə ki, seyyidlər - Həzrət Peyğəmbərin (s) nəslindəndir və onlara sədəqə qəbul etmək icazə verilmir). Amma seyyid olan şəxs, fəqir seyyidə fitrə zəkatı verə bilər.

 

Fitrə zəkatını hesablamağın ən asan yolu - ailənin adətən yediyi çörəyin qiymətinin 1 kiloqramını müəyyən edib, bu rəqəmi 3-ə vurmaqdır. Alınan məbləğ - adambaşına düşən fitrə zəkatının məbləğini göstərir. Məsələn, ailənin adət üzrə yediyi çörəyin 1 kiloqramı 1 manat təşkil edirsə, bunun da 3 kiloqramı 3 manat təşkil edir ki, adambaşına düşən fitrə zəkatının məbləğini göstərir. Yəni, hər bir insan yediyi qidaya uyğun olaraq, fitrə zəkatının məbləğini rahat müəyyən edə bilər.

 

Hacı İlqar İbrahimoğlu