İyul 29, 2015 19:20 Asia/Baku
  • Elmdən qaçan müsəlmanlar
    Elmdən qaçan müsəlmanlar

İslam bəşəriyyətin dinidir və bu dini bəşəriyyətə çatdırmaq dövrün gənc müsəlmanlarının əsas və təməl vəzifəsidir.

Bu gün müsəlman düyasının və xüsusən Azərbaycanda yaşayan gənc müsəlmanların ən böyük bəlası savadsızlıqdır. Özünə dindar, haqq əhli deyən bir dəstənin başını ancaq "din" adlandırdığı möhfumatla qatmaqları və İslamın əsas təməl prinsiplərindən biri sayılan və hər bir müsəlmana vacib olan elmdən yan durmaqları, onların "din" adlandırdıqlarının İslamla heç bir əlaqəsi olmadığını göstərir. Gəl ki, İslam bu barədə müsəlmanları hər zaman təşviq edib. İstər Qurani-Kərimdə, istərsə də bizə gəlib çatmış hədislərdə elm öyrənməyin necə gözəl bir iş olduğunu, elm öyrənmənin maddi və mənəvi üstünlərindən kifayət qədər bəhs edilir. Amma bu gün özünə müsəlman deyən gənclərin halına baxın, neçə özünə müsəlman deyən sağlam təfəkkürlü alim, həkim, loborant tanışınız var?! Çox güman barmaq sayı qədər... Amma gedin dindarların kütləvi yığışdığı yerlərə baxın, İslamdan danışanların əksəriyyəti məktəbli və ya universitet oxuyan tələbələrdir, əslində bu gözəldir, gənc yaşlarda insanların islamın xəzinəsi ilə tanış olması əlbəttəki pis bir iş deyil. Ancaq çayxanalarda, məscidlərdə danışılan din kimə xeyir verə bilər?! Bir din ancaq məhdud insanlar arasında, məhdud yerlərdə danışılacaq və təbliğ olunacaqsa, böyük arenalara, mühazirə salonlarına çıxıb geniş kütlələrə, savadlı insanlara öz prinsipini çatdırmayacaqsa, çox az insan bu dindən fayda görər. Bu gün müsəlman gənclərin, xüsusən də məktəb və universitet oxuyan gənclərin əsas vəzifəsi öz elmlərini davam etdirmək, bu dini daha geniş və keyfiyyətli insanlara çatdırmaqdır. Nə zamana qədər ki, müsəlmanlar xüsusən də, məktəb şagirdləri, universitet tələbələri öz vəzifələrini bilməyib, elmlərini, dərslərini yarımçıq qoyub çayxanalarda “İslam”dan danışacaqlarsa, nə özləri bu dindən tam faydalanacaq, nə də başqalarına bu dinin tam faydasını aşılaya biləcəklər. İslam kəndli və ya kasıb dini deyil, İslam bəşəriyyətin dinidir və bu dini bəşəriyyətə çatdırmaq dövrün gənc müsəlmanların əsas və təməl vəzifəsidir. Təhsil almış, sağlam düşüncəli gənc müsəlmanları gəlcəyin alim və müəllimləri görmək ümidi ilə.  

Teqlər