“Azərbaycanla əməkdaşlıq etmәkdə tərəddüd edən xeyli ölkə var”
Məhəmməd Talıblı: “Azərbaycanla əməkdaşlıq etmәkdə tərəddüd edən xeyli ölkə var”
Gürcüstanın energetika naziri Kaxa Kaladze və SOCAR-in prezidenti Rövnəq Abdullayev arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 saziş imzalanıb. Birinci müqavilə qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir. Qaz alqı – satqı müqaviləsinə dəyişikliklərin edilməsi barəsində olan ikinci sazişi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb.
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Məhəmməd Talıblı deyib ki, Gürcüstan yenə də Azərbaycanla enerji sahəsində strateji əməkdaşlığını davam etdirəcək: “Azərbaycan-Gürcüstan arasındakı qaz anlaşması xeyli müddət idi ki, müzakirə edilirdi. Gürcüstan enerji sahəsində enerji diversifikasiyanı həyata keçirdirdi. Bu baxımdan “Qazprom”la da müzakirələr aparırdı. Beləliklə ölkədə müəyyən problemlərə, enerji siyasətinin həllinə yardımçı olmağa çalışırdı. Amma nəticə etibarı ilə bu müqavilə Azərbaycanla bağlandı. Beləliklə Azərbaycan Gürcüstana 3 milyard kubmetr qaz ixrac edəcək.
Bu onu deməyə əsas verir ki, Gürcüstan yenə də Azərbaycanla enerji sahəsində strateji əməkdaşlığını davam etdirəcək. Azərbaycan hansı ölkələrlə enerji sahəsində əməkdaşlıq edirsə, hәmin ölkələrlə digər sahələrdə də əməkdaşlıqlarını inkişaf etdirməlidir. Əgər Azərbaycan Gürcüstana enerji sahəsində müəyyən yardımını həyata keçirdirsə, eyni zamanda investisiyanın qeyri-neft sektoruna cəlb edilməsi üçün Gürcüstan da Azərbaycana bir o qədər maraq göstərməlidir.
Yəni Azərbaycan-Gürcüstan arasındakı əməkdaşlıq enerji sektorunda olduğu kimi, qeyri-neft sektorunda da inkişaf etdirməlidir. Müşahidə etdiyimiz kimi, Azərbaycanın böhranlı durumunda ölkəmizə yardım edən ölkələrin sayı kifayət qədər azdır. Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə tərəddüd edən xeyli ölkə var. Deməli Azərbaycan yalnız enerji sektorunu deyil, qeyri-enerji sektorunda da iqtisadiyyatını gücləndirməlidir. Bu baxımdan sadəcə enerji sahəsindəki əməkdaşlıqla kifayətlənməli deyilik. Biz digər sahələrdə də çox ciddi layihələrin həyata keçirilməsində investorların maraq imkanlarını istifadə etməliyik”.
/Deyerler.org/